Avstraliya 31-0 Amerika Samoası
From Wikipedia, the free encyclopedia
Avstraliya-Amerika Samoası — 11 aprel 2001-ci ildə Avstraliya ilə Amerika Samoası milli futbol komandaları arasında Avstraliyanın Koffs Harbur şəhərindəki Beynəlxalq Stadionda oynanılmış 2002-ci il dünya çempionatının təsnifat oyunu. Avstraliya komandası həmin matçda 31-0 qalib gələrək beynəlxalq bir futbol qarşılaşmasında əldə edilən ən böyük qələbə rekordunu qırdı. Bu matçda 13 qol vuran Avstraliya futbolçusu Arçi Tompson bir beynəlxalq qarşılaşmada ən çox qol vuran futbolçu adının sahibi oldu.[1] Tompsondan sonra oyunu 8 qol vuraraq tamamlayan Devid Zdriliç isə Birinci Dünya Müharibəsindən bu vaxtadək bir beynəlxalq oyunda ən çox qol vuran ikinci futbolçu oldu.
Avstraliya 31-0 Amerika Samoası | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 11 aprel 2001 | ||||||
Yer | Beynəlxalq Stadion, Koffs Harbur, Avstraliya | ||||||
Hakim | Ronan Loustik (Taiti) | ||||||
Tamaşaçı | 3000 |
Oyunun nəticəsi turnirin təsnifat mərhələlərinin keçirilmə formasının müzakirə edilməsinə səbəb oldu. Avstraliya komandasının baş məşqçisi Frenk Farina və 13 qol vurmuş futbolçu Arçi Tompson güc bərabərsizliyinin bu qədər çox nəzərə çarpdığı oyunların qarşısını almaq üçün ön təsnifat mərhələsinin keçirilməsinin vacib olduğunu söylədilər və FİFA tərəfindən də bənzər fikirlər bildirildi. Bu müzakirələrin nəticəsi olaraq 2006-cı il dünya çempionatının Okeaniya seçmələrində bir ön təsnifat turu da keçirilməyə başlandı.