Bülbülü öldürmək
From Wikipedia, the free encyclopedia
Bülbülü öldürmək[1] (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur.
Bülbülü öldürmək | |
---|---|
ing. To Kill a Mockingbird | |
Müəllif | Harper Li |
Janrlar | uydurma hekayə |
Orijinalın dili | İngilis dili |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | 11 iyul 1960 |
Nəşriyyat | J. B. Lippincott & Co. |
Nəşr | 11 iyul, 1960-cı il. |
Səhifə | 281 səh. |
Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir".[2]
Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. Kitab Birləşmiş Ştatların məktəblərində tolerantlığı və qərəzsiz mövqeni təbliğ edən dərslərdə geniş şəkildə tədris olunur. Mövzularına baxmayaraq, "Bülbülü öldürmək" əsərinin məktəb proqramlarından çıxarılması üçün bir sıra kampaniyalar təşkil olunmuşdur. Buna səbəb kimi əsərdə tez-tez irqi epitetlərdən istifadə edilməsi göstərilirdi.
Nəşr edildikdən sonra roman haqqında müxtəlif fikirlər formalaşdı. Çox sayda nüsxəsinin satılmasına və məktəblərdə geniş şəkildə tədris edilməsinə baxmayaraq haqqında ədəbi təhlillər azdır. "Bülbülün öldürülməsi" haqqında bir neçə müəllifin və ictimai xadimin fikirlərini toplayan yazıçı Meri Makdonaf Mörfi kitabı "təəccübləndirən fenomen" adlandırdı.[3] 2006-cı ildə ingilis kitabxanaları kitabı "ölmədən öncə hər bir şəxsin oxumalı olduğu kitab" adlandıraraq Bibliyadan da öncə sıraladılar.[4] 1962-ci ildə rejissor Robert Malliqan tərəfindən kitabın süjet xətti əsasında eyni adda filmi çəkildi və Oskar mükafatına layiq görüldü. 1990-cı ildən bəri, Harper Linin doğulduğu şəhərdə hər il romanın tamaşası təşkil edilir.
"Bülbülü öldürmək" Harper Linin "Təsbeh ağacının altında" əsəri nəşr edilənə kimi yeganə əsəri idi. "Təsbeh ağacının altında" əsəri "Bülbülü öldürmək" romanının ilkin versiyası hesab olunur və 2015-ci il iyul ayının 14-də nəşr olundu. Harper Li 1964-cü ildən özü və romanı ilə bağlı müsahibə verməkdən imtina etsə də, 2016-cı ilin fevral ayında vəfatına qədər əsərlərinin təsiri ilə bağlı sualları cavablandırırdı.