Barokko memarlığı
memarlıq üslubu / From Wikipedia, the free encyclopedia
Barokko memarlığı — Avropa və Amerika ölkələri memarlığının inkişafında təxminən 150–200 il davam etmiş cərəyan. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və XVIII əsrin sonunda qurtarmışdır. Barokko üslub kimi bütün incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, rəsmdə, teatrda (və onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü daha parlaq göstərə bilmişdir.
Barokko XVII əsrdə – XVIII əsrin başlanğıcında meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, bu stili başqa stillərnən qarışdırmaq qeyri mümkündür. Barokko bir növ öz yaranış dövrünü təcəssüm edir. Barokko memarlığının fərqləndirici xüsusiyyətləri onun əzəməti, böyüklüyü və lüks olmasıdır. Barokko üslubu memarlıqda Renessansı əvəz etmışdır. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda fəvvarələrdən və fişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi. Barokko memarları İntibahın bir çox bədii ənənələri ilə, xüsusən də onun harmonik və tarazlaşdırılmış həcm üsulları ilə vidalaşaraq bütöv memarlıq ansambllarına yalnız ayrı-ayrı tikililəri və meydanları deyil, küçələri də aid etməyə başladılar. Əgər erkən barokko üçün dekorativ elementlərin sayının artırılması xarakterik idisə, yetkin barokkoda plastik ifadəlilik güclənir. Barokko memarlığının əsas xüsusiyyətlərindən biri – geniş məkanı təşkil edən ansambl yaratmaq idi. Heykəltəraşlıq memarlıqla bəzən elə əlaqələndirilir ki, çox vaxt memar və heykəltaraşın işlərini bir-birindən ayırmaq çətin olurdu. Şəhər meydanları, saraylar, pillələr, fəvvarələr memarlıq və heykəltaraşlığın sintezi prinsipi üzrə tikilərək ümumi dekorativ tərtibata tabe edilirdi. Barokkoda sənətlərin sintezi zamanı heykəltaraşlıq və rəngkarlıq memarlığa tabe edilərək onunla qarşılıqlı əlaqədə olur. Gözəl divar rəsmləri gümbəzləri, plafonları (naxışlı, bəzəkli tavan) və divarları bəzəyərək geniş məkan illüziyası yaradırdı. Dinamika dolu heykəltaraşlıq gözəl olub, memarlıqla ayrılmazdır. Bu üslubun əsas əlaməti – "naz-nemət içərisində üzmə", insanın vücudu və ruhu üçün maksimal rahatlıqdır. Barokko üslubu əsas giriş qapısında mərmər pilləkənlərin, otaqların arasında incəsənət əsərləri ilə bəzədilən ensiz dəhlizin yaradılmasına üstünlük verir. Bu üslubun xüsusiyyətlərindən biri məkan illüzialarıdır. Barokko memarlıq üslubunda interyerdə müxtəlif şəkillərin, naxışların çəkilmçəsi üçün güzgülərdən, tavandan, eləcə də divarlardan geniş istifadə edilir. Divarlar qobelenlə (divar xalçaları) ilə də örtülə bilər. Xalçaların, zərxaranın, həmçinin bahalı çilçırağın bolluğu təmtəraqlı pafos yaradır. Əyri xəttlər və dəyirmi konturlar hesabına dinamika və gözəllik əldə edilir. Bahalı mebel dəbdəbə və əzəməti artırır. Memarlar çox zaman heykəltaraşlıq əsərlərindən istifadə edirdilər. Adi sütunlar tez-tez telamon və karitiadlar – kişi və ya qadın füqurlu sütunlarla əvəz edilirdi. Barokko üslubunun daha bir fərqləndirişi cəhəti çox iri ölçülərdir. Belə ki, pəncərələrin, qapıların ölçüləri insan boyundan on dəfə çox və daha artıq olurdu. Barokko üslubunun köklərinin çox qədimə getməsinə baxmayaraq, bu üslubun ayrı-ayrı elementləri əsrdən-əsrə keçərək, memarlıq və interyerə qayıdır. Üslubun əbədiliyi çox asan izah olunur, belə ki, bolluğu, həmçinin təmtərağı nəzərə çarpdıran elementlərə hər dövrdə yüksək tələbat olmuşdur.