Belçikada holokost
From Wikipedia, the free encyclopedia
Belçikada holokost (fr. Shoah en Belgique) — Nasist Almaniyası tərəfindən işğal edilmiş Belçikada 1940–1944-cü illərdə yəhudilərin və qaraçıların təqib edilməsi və məhv edilməsi.
Müharibənin başlanğıcında Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Bu dövrdə əhalisi 8 milyon olan Belçikada yəhudilərin sayı 70–75.000 nəfər idi və Belçikada qeyri-xristian əhalinin ən böyük təbəqəsini təşkil edirdilər. Yəhudilərin məskunlaşdığı əsas şəhərlər Antverpen, Brüssel, Şarlerua və Leyj idi. Yəhudilərin böyük əksəriyyəti Almaniya və Şərqi Avropada təqiblərə məruz qalanlardan ibarət idi və çox az qismi Belçika vətəndaşlığını ala bilmişdi.
Belçikanın işğalından qısa müddət sonra Hərbi Hökumət 1940-cı ilin oktyabrında anti-yəhudi qanunlarını verdi. Belçika Sədrlər Komitəsi hər hansı anti-yəhudi tədbirindən ötrü əməkdaşlıq etməkdən imtina etdi və Hərbi Hökumət əlavə qanunlar verməkdə həvəssiz görünürdü. Almaniya hökuməti yəhudilərin ticarət fəaliyyətlərini mənimsəməyə və yəhudiləri dövlət xidmətindən uzaqlaşdırmağa başladılar. 1941-ci ilin aprelində Almaniyanın səlahiyyətli şəxslərinin əmri olmadan flamand kollaborasionistlər Antverpen şəhərində iki sinaqoqu çapıb-taladılar və Antverpen qırğınında baş rabbinin evini yandırdılar. Almanlar ölkədə Yudenrat — Belçika Yəhudilərinin Assosiasiyasını (BYA; fr. Association des Juifs en Belgique) yaratdılar. Yəhudilər bu assosiasiyaya qoşulmağa məcbur idilər. 1942-ci ildəki yəhudi sualının son həllinin bir hissəsi kimi Belçika yəhudilərinin təqibi kəskinləşdi. 1942-ci ilin mayından etibarən yəhudilər ictimaiyyət arasında seçilmək üçün sarı Davud ulduzu taxmalı idilər. BYA-nın tərtib etdiyi qeydlərdən istifadə edərək almanlar yəhudiləri Ümumi Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) həbs düşərgələrinə göndərməyə başladılar. Qeydiyyat siyahılarından seçilən yəhudilər Mexelen tranzit düşərgəsində olmalı idilər. Daha sonra onlar qatarla müxtəlif həbs düşərgələrinə (böyük hissəsi Auşvitzə) göndərildi. 1942-ci ilin avqustundan 1944-cü ilin iyuluna kimi təxminən 25.000 yəhudi və 350 qaraçı Belçikadan deportasiya edildi; həbs düşərgələri müttəfiqlər tərəfindən azad edilənə qədər onlardan 24.000-dən çoxu öldürüldü.
1942-ci ildən başlayaraq ümumi əhalinin içərisində Belçikada yəhudilərə qarşı göstərilən rəftara qarşı əleyhdarlıq gücləndi. İşğalın sonunda Belçika yəhudilərinin 40 %-dən çoxu gizlənirdi; onların çoxu centillər, əsasən isə katolik keşişlər və rahibələr tərəfindən gizlədilmişdi. Bəziləri isə müqavimət təşkilatlarıdan kömək alırdılar. Bu təşkilatlardan biri gizlənmiş yəhudiləri qida və sığınacaq ilə təmin edən Yəhudi Müdafiəsi Komitəsi (YMK; fr. Comité de Défense des Juifs) idi. Gizlənmiş yəhudilərin çoxu silahlı müqavimətə qoşuldu. 1943-cü ilin aprelində YMK Auşvitz həbs düşərgəsinə gedən İyirminci qatar hücum edərək deportasiya olunmaqda olan yəhudilərin bir hissəsini xilas edə bilmişdi.