Fil ilə edam
From Wikipedia, the free encyclopedia
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar.
Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır.
Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir.