Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
From Wikipedia, the free encyclopedia
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.[2][3] Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər.[3] Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[4] 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[5]
Laureatlar fiziologiya və ya tibb ilə əlaqəli geniş sahələr üzrə Nobel mükafatını qazanmışlar. 2009-cu ildən etibarən G zülalları və ikinci rabitəçi tərəfindən siqnal ötürülməsi üzrə tədqiqatlarına görə 8 nəfər, neyrobiologiya sahəsindəki xidmətlərinə görə 13 nəfər və vasitəçi metabolizm üzrə tədqiqatlarına görə isə 13 nəfər laureat oldu.[3] 1939-cu ildə almaniyalı Gerhard Domaqka hökuməti tərəfindən mükafatı qəbul etməyə icazə verilmədi. Sonradan medal və diplom təqdim edildi, amma mükafat məbləği verilmədi.[6] 2021-ci il etibarilə mükafat 224 şəxsə verildi, onlardan 12-si qadın idi: Qerti Tereza Kori (1947), Rozalin Sasmen Yalou (1977), Barbara Mak-Klintok (1983), Rita Levi-Montalcini (1986), Gertrud Elion (1988), Kristiana Nüsslein-Volhard (1995), Linda Bak (2004), Fransuaza Barre-Sinussi (2008), Elizabet Bləkbörn (2009), Kerol Qreyder (2009), Mey-Britt Mozer (2014)[7] və Tu Yuyu (2015).
1915–1918, 1921, 1925, 1940–1942-ci illərdə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilmədi. Həmçinin Fiziologiya və ya tibb üzrə Nobel mükafatı 5 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən, 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Robert Baraniyə verildi və 1914-cü ilin mükafatı olaraq sayıldı.[8] Həmçinin 1922-ci ilin mükafatı 1923-cü ildə Arçibald Hill və Otto Meyerhofa,[9] 1926-cı ilin mükafatı 1927-ci ildə Yohannes Andreas Qrib Fibigerə,[10] 1938-ci ilin mükafatı 1939-cu ildə Korney Heymansa[11] və 1943-cü ilin mükafatı 1944-cü ildə Henrik Dam və Eduard Adelbert Doyziyə verildi.[12]