Odri Hepbern ekranda və səhnədə
From Wikipedia, the free encyclopedia
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir.[1][2] Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır.[3] Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır.[4][5][6] Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu.[7] O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi.[4][8][9][10] Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.[11][12][13] Odri Hepbern 1954-cü ildə Billi Uaylderin "Sabrina" adlı romantik komediyasında Hamfri Boqart və Uilyam Holden kimi aktyorlarla tərəf-müqabil olaraq, məhəbbət üçbucağının mərkəzində olan sürücü qızını canlandırdı.[14][15] Elə həmin ildə Hepbern "Undina" tamaşasındakı ifasına görə "Səhnə əsərində ən yaxşı aktrisa" nominasiyasında "Toni" mükafatına layiq görüldü.[16][17]
Aktrisanın kinoda növbəti qəhrəmanı 1956-cı ildə Lev Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş "Hərb və sülh" filmində Nataşa Rostova obrazı olur. 1957-ci ildə Hepbern, Qeri Kuper və Moris Şevalye ilə birlikdə rejissor Billi Uaylderin "Günortadan sonra məhəbbət", eləcə də Fred Asterlə birlikdə "Məzəli sima" filmlərində baş rolda çəkildi. İki ildən sonra aktrisa "Yaşıl məkanlar" romantik filmində yenidən ekranlarda göründü. Daha sonra isə "Rahibənin hekayəti" filmində rahibə Lük rolunu ifa etdi. 1961-ci ildə Hepbern "Tiffanidə səhər yeməyi" romantik komediya filmində yelbeyin qız Holli Qolaytli rolunda və aktrisa Şirli Makleynlə tərəf-müqabil olduğu Uilyam Uaylerin "Uşaqların saatı" dramında Karen Rayt obrazında çıxış etdi.[17][18] İki ildən sonra o, Keri Qrantla birlikdə "Şarada" romantik detektiv filmi ilə ekranlara gəlir. Bu rolların ardınca Odri Hepbern aktyor Uilyam Holdenlə birlikdə "Paris isti olanda" komediyasında Qabriell və "Mənim gözəl xanımım" musiqili filmində gülsatan qız Eliza rollarını ifa edir (hər ikisi: 1964).[17] 1967-ci ildə aktrisa "Qaranlığadək gözlə" trillerində öz evində narkotik alverçilərinin təhdidləri altında qalmış kor qadın rolunda çəkilir. Bu filmdə ifa etdiyi rola görə aktrisa Ən yaxşı qadın roluna görə Oskar mükafatına namizəd olub.[17][19] Doqquz ildən sonra rejissor Riçard Lester "Robin və Merian" filmini çəkir və həmin filmdə Robin Qud rolunu Şon Konneri, Merian rolunu isə Odri Hepbern ifa edir.
Odri Hepbernin kinoda sonuncu rolu Stiven Spilberqin "Həmişə" (1989) filmində epizodik mələk rolu oldu.[19] Son dəfə isə tamaşaçılar aktrisanı ekranda 1993-cü ildə "Odri Hepbernlə dünyanın bağçaları" (ing. Gardens of the World with Audrey Hepburn) silsilə televiziya sənədli filmlərində görə bildilər. Bu layihədəki iştirakına görə aktrisa ölümündən sonra "İnformasiya proqramında Ən Böyük Fərdi Nailiyyətə görə" Praym-Taym "Emmi" mükafatına layiq görülmüşdür.[10][20][21] Kinoda göstərdiyi fəaliyyətə və uğurlu karyerasına görə Odri Hepbern BAFTA-nın Xüsusi Mükafatına, "Qızıl Qlobus"un fəxri Sesil B. De Mill mükafatına, Kino sahəsinə verdiyi töhfələrə görə ABŞ Kinoaktyorlar Gildiyasının mükafatına və "Toni" Xüsusi Mükafatına layiq görülmüşdür.[22][23][24][25]