Pakistan prezidentlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Pakistan prezidenti — Pakistan İslam Respublikasının dövlət başçısı. Pakistan Konstitusiyasına görə, Prezidentin "Milli Məclisi ləğv etmək, yeni seçkilərin başladılması və bununla belə baş naziri vəzifəsindən azad etmək kimi səlahiyyətləri vardır".[1] Bu səlahiyyətlər hərbi çevrilişlərin və hökumətdəki dəyişikliklərin nəticəsi olaraq konsititusiyada dəfələrlə dəyişildi. 2010-cu ildə Konstitusiyada 18-ci düzəliş qəbul edilərək Pakistan yarı prezidentlikdən parlamentli respublikaya çevrildi. Bu sistemə görə, prezident məhdud idarəetmə səlahiyyətlərinə malik olacaq və baş nazir qərarların icrası üçün daha çox səlahiyyətlərə sahib olacaqdı.[2] Həmçinin qərara görə, prezident Başçı Senat, Milli Məclis və İl (Tehsil) Məclislərindən ibarət Seçki Kollegiyası tərəfindən seçilir.[3]
Pakistanda 1956-cı ildən indiyədək 13 prezident vəzifəyə təyin edilib.[4] Vəzifə 1956-cı ildə, konstitusiyasının qəbulundan sonra Pakistanda elan edildi və İskəndər Mirzə ölkənin ilk prezidenti oldu.[5][6] Bu on üç prezidentdən əlavə, iki fəaliyyətdə olan prezident də (Vasitəçi) qısa müddət ərzində vəzifədə olub. Onlardan biri, Vasim Səccad, 1993 və 1997–1998-ci illərdə iki dəfə prezidentlik vəzifəsini icra edib.[7] Pakistanda prezident beş il müddətində vəzifəsini icra edir. Bir prezidentin vəzifəsini icra edərkən səlahiyyətlərinə son verildiyi və ya prezident istefa verdiyi təqdirdə, Senat Sədri müvəqqəti vəzifəyə təyin edilir.[3]
Altı prezident bir siyasi partiyanın üzvü olmuş və onlardan dördü Pakistan Xalq Partiyasının (PXP) fəal tərəfdarı idi. Birinci prezident İskəndər Mirzə Pakistan tarixində prezident olmuş ilk hərbi zabit idi, üç prezident də hərbi zabitlik vəzifəsindən yüksələrək Pakistanın tarixində uğurlu hərbi çevrilişlər yolu ilə güc qazanmışdı: 1958-ci ildə Eyyub xan, 1977-ci ildə Məhəmməd Ziyaülhaqq və 1999-cu ildə Pərviz Müşərrəf.[4][8] Prezident Ziyaülhaqq, 17 avqust 1988-ci ildə Bahavalpurdan İslamabada qayıdarkən təyyarə qəzasında həlak olmuşdu.[9][10] Eyyub Xan isə iki dəfə prezident seçilərək təxminən 10 il beş ay ilə ən uzun müddət vəzifədə qalmış prezident idi.[11]
Pakistanın hazırkı prezidenti Arif Alvi Pakistan Təhrik-i İnsaf partiyasının üzvüdür.