Xarici siyasət
hökumətin başqa dövlətlərə münasibətdə strategiyası / From Wikipedia, the free encyclopedia
Xarici siyasət — digər dövlətlərin davranışına təsir göstərmək və ya öz davranışını beynəlxalq mühitə uyğunlaşdırmaq üçün dövlətin həyata keçirdiyi fəaliyyətlər sistemi. Xarici siyasətin başlıca məqsədi milli maraqların müdafiəsidir. Xarici siyasətin həyata keçirilməsinin bir çox vasitələri mövcuddur ki, onların içində ən əhəmiyyətlisi diplomatiyadır. Müharibələr də xarici siyasətin həyata keçirilmə vasitələrindəndir.
Xarici siyasətin təbiətinə beynəlxalq münasibətlər elmində müxtəlif fərqli yanaşmalar mövcuddur. Bir yanaşma belə hesab edir ki, dövlətin xarici siyasəti onun daxili siyasətinin davamı və ya bir növ xarici uzantısıdır. Başqa yanaşmanın tərəfdarları, xüsusən də beynəlxalq münasibətlər elmində neorealist məktəbin nümayəndələri isə, əksinə, iddia edirlər ki, xarici siyasətin formalaşmasında daxili siyasət heç bir rol oynamır. Kennet Volts buna klassik misal kimi Soyuq müharibə illərində Sovet və ABŞ xarici siyasətlərini nümunə göstərir. Belə ki, siyasi və sosial-iqtisadi quruluşlarında, eləcə də hakim ideologiyalarında fundamental fərqlər və ziddiyyətlər olmasına baxmayaraq hər iki dövlət, demək olar ki, oxşar xarici siyasət yürüdürdü. Neorealistlərin fikrincə xarici siyasətin əsas determinantı Beynəlxalq sistemin strukturudur. Struktur, hər bir dövlətin üzərinə müəyyən öhdəlik qoyur ki, bu da dövlətin daxili xarakteristikalarından yox, onun bacarıqlarından və imkanlarından qaynaqlanır.
Xarici siyasətə nəzarət dövlət və ya hökumət başçısının, hökumət və parlamentin əlində olur, lakin birbaşa rəhbərliyi xüsusi mərkəzi xarici siyasət orqanı – Xarici İşlər Nazirliyi həyata keçirir. XİN də öz növbəsində qarşisina qoyulmuş məqsədləri yerinə yetirmək üçün həm ölkə daxilində, həm də xaricdə geniş bürokratik aparata malik olur.