Ümumi seçki hüququ
From Wikipedia, the free encyclopedia
Ümumi Seçki hüququ — irqindən, etnik mənsubiyyətindən, dilindən, cinsindən, gəlirindən, var-dövlətindən və s. xüsusiyyətlərindən asılı olmayaraq bütün yetişkin şəxslərə səsvermə hüququnun verilməsi nəzərdə tutulur.[1] XIX əsr siyasi islahatçıları tərəfindən bu termin yalnız kişilərin ümumi seçki hüququ mənasında işlədilirdi. Bu terminin qadınlara da aid edilməsi qadınlara seçki hüququnun verilməsi uğrunda gedən mübarizə zamanı baş verdi.[2][3]
Səsvermə hüququnun xüsusiyyətləri baxımında ölkələr arasında müəyyən fərqlər vardır. Ölkələrdə səs verə bilmək üçün minimum yaş 18–25 arası dəyişir. Bəzi ölkələrdə isə əqli problemləri olan insanlara, müəyyən qrup cinayətkarlara səsvermə hüququ aid edilmiş, bəzi hallarda isə bu məhrumiyyət cəza kimi istifadə edilir.
ABŞ-də seçki hüququ çox zaman qadınların seçki hüququ ilə əlaqəli formada istifadə olunur. Qadınlara seçki hüququnun verilməsi hərəkatı XIX əsrin ortalarında başlamış və öz zirvəsinə 1920-ci ildə çatmışdır. Bu ildə ABŞ konstitutsiyasına edilən XIX düzəlişlə seçki hüququ qadınlara da aid edildi. Bir çox ölkədə kişilərə ümumi seçki hüququnun verilməsindən bir nəsil sonra bu hüquq qadınlara da şamil edilmişdir. Lakin bu hələki yalnız səsvermə hüququ idi, qadınların namizəd ola bilməsi isə daha sonra mümkün olmuşdur. Fransada 1944, Yunanıstanda 1952, İsveçrədə 1971-ci ilə qədər qadınların səsvermə hüququ yox idi.
İlk demokratiyalarda hökumətlər həmişə seçki hüququnu müəyyən əmlak, vergi senzləri, var-dövlət məhdudiyyətləri ilə kişi əhalinin belə çox az hissəsinə şamil etmişdir. Bəzi ölkələrdəki qanunlara görə səsvermədə iştirak edə bilmək üçün vətəndaşlar müəyyən dinə mənsub olmalı və bunu sübut etməli idi. XIX əsr boyunca ümumi seçki hüququna nail olmaq üçün Şimali Amerikada və Böyük Britaniyada mübarizə getmişdir və buna bütün müasir demokratiyalarda zamanla nail olunmuşdur.