İzmir sui-qəsdi
From Wikipedia, the free encyclopedia
İzmir sui-qəsdi — Türkiyə Respublikası prezidenti Mustafa Kamal Atatürkə 14 iyun 1926-cı il tarixində İzmirdə təşkil edilməsi planlanan sui-qəsd cəhdi. Aralarında köhnə nazirlər, deputatlar və qubernatorların da olduğu bir qrup tərəfindən planlanmış, ancaq həyata keçirilmədən qarşısı alınmışdır.
Sui-qəsdin İzmirin Kəməraltı bölgəsində həyata keçirilməsi planlanmışdı. Buradakı kəsişmədə dönmək üçün yavaşlayacaq Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəyin qaldığı Qaffqarzadə hotelindən və Gürcü Yusif ilə Laz İsmayılın olduğu hotelin altındakı bərbər dükanından atəş açılacaq və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi və Kritli Şövki ilə hadisə yerindən qaçılması, sonra isə kiçik gəmi ilə Xiosa keçilməsi planlaşdırılmışdı. Ancaq 14 iyun 1926-cı ildə Kritli Şövqinin İzmir icra hakimiyyəti orqanlarına yazdığı məktubda sui-qəsd və sui-qəsdin kimlər tərəfindən təşkil ediləcəyi barədə məlumat verdi. Bir müddət sonra 4 nəfər həbs edildi və günahlarını etiraf etdilər.
Bu hadisədən sonra İzmirə gələn İstiqlal Məhkəməsi heyəti tərəfindən keçirilən iclaslarda hadisənni arxasında daha geniş müxalif qrupun olduğu müəyyən edildi. İzmirdə 26 iyun — 13 avqust günləri arasında mühakimə edilən 40 nəfərdən 2-i qiyabi olmaqla 15-i edamla, biri isə sürgünlə cəzalandırıldı. Bir necə həftə sonra — 2 – 26 avqust günlərində Ankarada olan məhkəmələrdə mühakimə edilən 57 nəfərdən 4-ü edam, 6-sı sürgün, 2-si də həbs cəzasına məhkum edildilər. Bu iki mərhələdə ümumi 131 müttəhim haqqında təhqiqat aparılarkən, bunların 34-ü mühakiməyə ehtiyac görülməyərək azadlığa buraxılmışdır.