2016 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2016 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2016; fr. Concours Eurovision de la chanson 2016) — sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsidir. Mons Selmerlövün ifa etdiyi "Heroes" mahnısı ilə 2015 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2016-cı ildə İsveç altıncı dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində, Ericsson Globe arenasında, "Bir araya gələk" (ing. "Come Together") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2016-cı ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur. Müsabiqənin aparıcıları 2015 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Mons Selmerlöv və Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı Petra Mede olmuşdur.
2016 Avroviziya Mahnı Müsabiqəsi "Come Together" "Bir Araya Gələk" | |
---|---|
I yarımfinal | 10 may 2016 |
II yarımfinal | 12 may 2016 |
Final | 14 may 2016 |
Aparıcı(lar) | Petra Mede Mons Selmerlöv |
Direktor | Yon Ola Sand |
Kanal | SVT |
Keçirilən yer | Ericsson Globe, Stokholm |
Qalib mahnı | Ukrayna "1944" |
Seçki sistemi | 50% telesəsvermə 50% münsif səsverməsi |
İştirakçıların sayı | 42 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Bosniya və Herseqovina Bolqarıstan Ukrayna Xorvatiya |
İştirakdan imtina edən ölkələr | Portuqaliya Rumıniya |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2015 2017 ► |
2016-cı ildə üç illik fasilədən sonra Bosniya və Herseqovina, iki illik fasilədən sonra Bolqarıstan və Xorvatiya və bir illik fasilədən sonra Ukrayna müsabiqəyə geri dönmüşdür. Eyni zamanda 2015-ci ildə ilk dəfə Avroviziyada debut edən Avstraliya da ikinci dəfə müsabiqədə iştirak etmiş, lakin bu dəfə Avstraliya avtomatik finalçı kimi deyil, digər ölkələr kimi yarımfinalda iştirak edərək final uğrunda mübarizə aparmışdır. Portuqaliya isə son illərdə ölkənin müsabiqədə qazandığı uğursuz nəticələr səbəbi ilə Stokholmda keçirilən Avroviziyada iştirakdan imtina etmişdir. Rumıniya müsabiqədə iştirak etməyi planlaşdırsa da, Avropa Yayım İttifaqı üst-üstə yığılan borclar səbəbi ilə ölkəni müsabiqənin keçirilməsinə 20 gün qalmış iştirakdan azad etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2016-da Ukrayna təmsilçisi Camala ifa etdiyi "1944" mahnısı ilə 534 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2004-cü ildə Ruslananın təmsilində qalibiyyət əldə etmiş Ukraynanın müsabiqədə ikinci qələbəsi idi. Müsabiqənin finalında tamaşaçıların səsverməsində Rusiya birinci, Ukrayna ikinci, Polşa isə üçüncü yerə layiq görülmüşdür. Münsiflər heyətinin səsverməsində isə Avstraliya birincilik qazanmış, Ukrayna ikinci, Fransa üçüncü olmuşdur. Müsabiqəni televiziya vasitəsi ilə 204 milyon tamaşaçı izləmişdir.