Abxaziyada gürcülərə qarşı etnik təmizləmə
From Wikipedia, the free encyclopedia
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə[1][2][3][4][5][6][7][8][9][10], Abxaziyada gürcü qırğını[11][12] və ya Abxaziyada gürcülərə qarşı soyqırımı (gürc. ქართველთა გენოციდი აფხაზეთში) (əsasən gürcü mənbələrində)[13] — 1992–1993-cü illərdə Gürcü-abxaz münaqişəsi zamanı və 1998-ci ildə Abxaz separatçıları və onların tərəfdarları (ehtimal edilir ki, Rusiyadan olan könüllülər[8][14][15][16][17]) tərəfindən Abxaziya ərazisində yaşayan gürcülərə qarşı törədilmiş etnik təmizləmə[18], qırğın[19] və məcburi köçürmə prosesi. Hadisələr zamanı ermənilər, yunanlar, ruslar və mötədil abxazlar da öldürülmüşdür.[20] Prosesin nəticəsi olaraq 200.000–250.000 arası mülki gürcü əhali məcburi köçkün vəziyyətinə düşmüşdür.[21]
Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1994, 1996 və 1997-ci illərdə Budapeşt, Lissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir.[22] 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində "etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması" xüsusi qeyd edilir, həmçinin "bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə" çağırılır.[23] BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir.[24]