Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri
Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri / From Wikipedia, the free encyclopedia
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan əzası (az-əbcəd. آذرنایحان جمهوریتی مجلس مبوثان اعضاسی) — 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının davamı olaraq qurulan, Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri.
1917-ci ildə keçirilən Ümumrusiya Müəssislər Məclisi seçkilərin nəticəsi tanınsa da parlament elə ilk gündən bolşeviklər tərəfindən buraxılmışdır.[1] Oktyabr inqilabının ardınca Gürcüstan, Azərbaycan və Ermənistan federativ dövlət — Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında birləşdi.[2] Bu respublikanın qanunverici orqanı olan Zaqafqaziya Seyminin üzvləri Ümumrusiya Müəssislər Məclisinə seçilən üzvlərin sayının mütənasib şəkildə artmasıyla təmin olunmuşdur. Belə ki, Zaqafqaziyadan seçilən 11 müsəlman, azərbaycanlı üzvün 4 dəfə sayının artırılmasıyla azərbaycanlı üzvlərin Zaqafqaziya Seyminə daxil olması təmin olundu. Gürcüstan Sosial Demokrat Partiyasından sonra ən çox millət vəkili sayına sahib olan Müsavat və ona qoşulan demokratik bitərəflər fraksiyası rəhbərliyində Zaqafqaziya Seyminin Müsəlman fraksiyası təşkil olunmuşdu. 27 may 1918-ci il tarixində bu fraksiyanın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası təşkil olundu.[3] 28 may 1918 tarixində Azərbaycan öz istiqlaliyyətini elan etdi.[4] Bundan sonra Müəssislər Məclisinin çağrılmasını vacib hesab edən Milli Şura seçkilərin keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq yerli şəkildə seçkilərin təyin olunması və Milli Şuranın əsasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasını qərara aldı. Milli Şura 19 noyabr 1918-ci ildə " Azərbaycan Məclisi-Məbusanına seçkilər haqqında qanun" qəbul etmişdir.[5] Bu qanuna əsasən üzv sayının genişləməsi və yeni üzvlərin seçilməsi prinsipi ilə 120 üzvdən ibarət olmalı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 7 dekabr 1918-ci il tarixində ilk iclasını keçirmişdir. Parlamentin fəaliyyəti dövründə daxili nizamnaməsi qəbul olunmuşdur. Bu nizanaməyə əsasən üzvlər qəbul olunmuş və xaric edilmişdir. Parlament daxilində tez-tez fraksiyalar arasında üzv transferləri həyata keçmişdir.
Bolşeviklərin hökuməti təhvil alması ilə bağlı ultimat göndərməsi səbəbi ilə baş tutan parlamentin fövqəladə iclası parlamentin son iclası olmuşdur. Beləliklə, 27 aprel 1918-ci il tarixində parlamentin fəaliyyətinə son qoyulmuşdur.[6]