Azərbaycan Xalq Cümhuriyyəti generallarının siyahısı
From Wikipedia, the free encyclopedia
Azərbaycan Xalq Cümhuriyyəti generalları — 1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib[1].
1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası qurulanda general Xosrov bəy Sultanov Cümhuriyyətin ilk hərbi naziri olub. O zaman hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi.[2][3]
Nəhayət 1918-ci il iyun ayının 26-da[1] Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi.[1]
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.
Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi[4]. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Məhəmməd bəy Sulkeviç (bəzi mənbələrdə Süleyman Sulkeviç.) isə baş qərargah rəisi təyin olundu.
O zaman Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-boşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu birgə buna nail ola bildi. 1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərib. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verilib və 24-29 yaşlı oğlanlar səfərbər edilib. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb.[5]
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub.
1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları[6], artilleriya briqadası, diviziyası yaradılıb.[7]
Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökumət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.[1]
AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ci il ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.[1]