Azərbaycan milli oyanışı
From Wikipedia, the free encyclopedia
Azərbaycan milli oyanışı, mədəni renessans (intibah) dövrü[1][2] və ya modernləşməsi — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində yaşayan azərbaycanlıların milli fikrinin formalaşması və mədəniyyətinin çiçəklənməsi prosesi. Bu dövr üçün maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı, Qərb dəyərləri və təşkilatlarının Azərbaycanda tətbiqi xarakterikdir.[3]
Beləliklə, Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkə olmuş, Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlət kimi tarixə düşmüşdür.[4] Maarifçilik dövrünün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.[5]