Balladalar (Şopen)
From Wikipedia, the free encyclopedia
Polyak bəstəkar Frederik Şopenin 1831-1842-ci illər arasında yazdığı 4 ballada hal-hazırda piano repertuarının ən çətin əsərlərindən sayılmaqla yanaşı, bəstəkarın ərsəyə gətirdiyi ən gözəl əsərlər kimi də qiymətləndirilir.
Ballada termini instrumental musiqiyə ilk dəfə məhz Şopen tərəfindən gətirilmişdir. Şopenə qədər ballada yalnız şeir forması idi, musiqi olaraq isə yalnız vokal tərzdə ifa olunurdu. Şopenin yaratdığı, hər biri tək hissədən ibarət olan bu 4 əsər romantik musiqidə yenilik idi və romantik musiqinin sərhədlərini daha da genişləndirirdi. Romantik dövrün ən qüdrətli bəstəkarlarından olan List, Brams və s. bəstəkarlar da Şopenin yaratdığı bu tərzdən ilhamlanıb sonralar öz balladalarını yazmışlar.
Şopenin yaratdığı ballada tərzi özünə məxsus keyfiyyətləri ilə sonata tərzindən kəskin şəkildə fərqlənir. Məsələn, güzgü reprizası (rekapitulyasiya zamanı iki ekspozisiyonal melodiyanın əksinə verilməsi) kimi.
Əsərlərin 4-ü də ballada olmasına baxmayaraq, onlar bir-birilərindən ciddi surətdə fərqlənirlər, lakin müasir musiqi teoriyaçılarının fikrincə onların oxşar yanları da çoxdur. Məsələn, "ballada ölçüsü" adlanan musiqi ölçüsü, güzgü reprizası və struktural dominantlığın gecikdirilməsi kimi. Ümumiyyətlə, bu 4 ballada romantik dövrün ən qüvvətli əsərlərindəndir və romantik dövrün sərhədlərini aşaraq musiqiyə yeni bir rəng, zövq qatmış, onun inkişafında böyük rol oynamışdır. Bu əsərlər hələ də konsertlərdə sevilərək dinlənilir.
Həmin dövrdə Şopenin tənqidçisi hesab olunan və Şopenin əsərlərinin tənqidinə çox böyük əmək sərf edən Robert Şuman qeyd edir ki, Şopenin balladalarının ilham mənbəyi polyak şair Adam Mickiewiczin şeirləridir. Şumanın qeyd etdiyinə görə, bunu məhz Şopen onun özünə demişdir.