Paz Vizsla
From Wikipedia, the free encyclopedia
Paz Vizsla — "Ulduz müharibələri" franşizasında, "Disney+" teleserialları olan "Mandalorlu" və "Boba Fettin kitabı"nda nümayiş edilən fiksiya personajı. O, teleserialın eyniadlı protaqonisti ilə birlikdə mandalorlu döyüşçü tayfasının üzvüdür. Paz əvvəlcə onunla toqquşur, lakin sonra Mandalorlunun "uşaq"ı Qalaktik imperiyanın qalıqlarından xilas etməkdə kömək olur. O, əcdadı Tarr Vizsla tərəfindən düzəldilmiş əfsanəvi işıq qılıncı tünd qılınca sahib olduğu üçün yenidən Mandalorlu ilə dalaşır.
Paz Vizsla | |
---|---|
Ulduz müharibələri personajı | |
İlk görünmə |
"Fəsil 3: Günah" (2019) (Mandalorlu) |
Yaradan | Con Favro |
Canlandıran | Teyt Fletçer |
Səsləndirən | Con Favro |
Məlumat | |
Növü | İnsan |
Cinsi | Kişi |
Peşə | Mandalorlu ağır piyada döyüşçüsü |
Qohumlar | Tarr Vizsla (əcdadı) |
Fiziki cəhətdən güclü və vüqarlı olan Paz iri miniqanabənzər blaster və reaktiv kürək çantası olan ağır piyada döyüşçüsüdür. Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir. Favro həmçinin, "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleserialında eynisoyadlı Pre Vizslanı səsləndirmişdir. Vizsla "Ulduz müharibələri" kainatında ən böyük Mandalor klanlarından birinin adıdır. Paz Vizslanın canlı dublyoru kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer olmuşdur. O, "Mandalorlu" teleserialının birinci mövsümündə fərqli bir obrazı da canlandırmışdır.
Paz Vizsla azarkeşlər və resenziyaçılar tərəfindən müsbət qarşılanmışdır. "Inverse" internet portalının yazıçısı Ceyk Klaynmen onu ekranda nisbətən az görünməsinə baxmayaraq, azarkeşlərin böyük təsir bağışlayan "sevimli personajı" adlandırmışdır. Bu personajın bir neçə heykəlcikləri və oyuncaqları hazırlanmış və satılmışdır. Personajın adı əvvəlcə ekranda və "Mandalorlu"nun birinci mövsümünün marketinq materiallarında "Paz Vizla" kimi səhv yazılmışdı. Bu, personajın "Boba Fettin kitabı" və "Mandalorlu" teleserialının üçüncü mövsümündə düzəldilmişdir.