Qida zənciri
From Wikipedia, the free encyclopedia
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır[1]. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır. Otyeyən heyvanlar bitkilərlə qidalanaraq qida zəncirini davam etdirir. Bu heyvanların ifrazatı və cəsədləri ilə müxtəlif cücülər və mikroorqanizmlər qidalanır. Təbii şəraitdə qida əlaqələri çoxşaxəli olur. Belə ki, canlılar arasında mövcud olan trofik əlaqələrə (yunanca “trofe” - qida) ətyeyən heyvanlar və parazitlər də qoşulur. Zəncirin bütün halqalarının həyat fəaliyyəti nəticəsində üzvi qalıqlar əmələ gəlir. Redusentlər isə qalıqları minerallaşdıraraq torpağa qaytarır.[2].