Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
From Wikipedia, the free encyclopedia
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır.
Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır.
Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir:
- müəyyən edilmiş ərazi;
- daimi əhali;
- hökumət;
- digər dövlətlər ilə münasibətə girmək bacarığı.
Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur.[1]
Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur. De fakto olaraq tam və ya qismən də olsa öz ərazilərini idarə edən, hökuməti və daimi əhalisi olan regionlar var ki, onlar bir və ya bir neçə dövlət tərəfindən tanınmırlar. Bunun səbəbi adətən regional və ya ərazi münaqişələri nəticəsində yaranır və ikinci dövlətin birincini özünün ayrılmaz tərkib hissəsi kimi görür. Başqa hallarda iki və ya daha çox qismən tanınmış dövlətlər eyni ərazi vahidinə iddia və hər ikisi də bu ərazilərin müəyyən hissəsini de fakto suverenlik edə bilər. Misal olaraq Çin Respublikası (Tayvan) ilə Çin Xalq Respublikası və Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya (Koreya) dövlətlərini gətirmək olar. Ölkədə milli azlıq kimi dövlət quran qurumlar adətən deklarativ doktrinaya əsaslanırlar.
Bir çox hallarda dövlətlərin beynəlxalq səviyyədə tanınmamaqları onların ərazisində xarici hərbi bazaların olması və bu üzdən də ölkənin müstəqil olmamasında da asılıdır. Belə olduqda beynəlxalq birlik xarici hərbi qüvvələrin ölkədə mövcudluğunu onun oyuncaq ölkə olması və müstəqilliyin formal xarakter daşıdığını, real suverenliyin isə xarici hərbi qüvvənin (dövlətin) əlində olduğu düşünülür. Misal kimi yapon yönlü olan Mançukuo və ya İkinci dünya müharibəsi zamanı almanlar tərəfindən yaradılmış Slovakiya və Xorvatiya gətirmək olar. İkinci misal kimi Avropa İnsan Haqqları Məhkəməsinin Türkiyəyə qarşı Şimali Kipr ərazisində öz hakimiyyətinin yürüdülməsi iddiasını göstərmək olar.
Həmçinin elə qurumlar da var ki, hər-hansı bir ərazi üzərində idarəsi olmasa da və ya tam olaraq deklarativ dövlətçilik meyarlarına cavab verməsə də ən azından bir dövlət tərəfindən de yure suveren dövlət kimi tanınıb. Tarixi olaraq bura Estoniya, Latviya və Litvanı (Sovet işğalı zamanı) misal olaraq gətirmək olar. Müasir nümunə kimi Fələstin dövlətinin yüzdən çox dövlətin tanınmasını göstərmək olar.
Dövlətin tanınmamağı yalnız diplomatik səthlə bitmir. Bunun vətəndaş üçün əlavə fəsad və problemləri də var. Belə ki, müəyyən hallarda digər dövlətin məhkəməsi qərar verərkən digər dövlətin hüquqi olaraq mövcud olmadığına əsaslanır. Bir qayda olaraq tanınmamış dövlətlərin pasportları da BMT üzvü olan dövlətlərə getməyə imkan verən sənəd deyil. Eyni zamanda elə hallarda olur ki, dövlətin müstəqilliyi tanınmasa da tanınmış dövlət onun qanunvericiliklə müəyyən edilmiş sənədlərini, pasport və orada qeydiyyatda olan hüquqi şəxslərini tanıyır.
Tanınmamış dövlətlər digər dövlətlər tərəfindən separatist qurum, ayrılmış regionları isə işğal edilmiş torpaqlar kimi qəbul edə bilər. Digər dövlətlər tərəfindən tanınması dəstəklənməyən dövlət və beynəlxalq təşkilatlar tərəfindən qismən tanınmış ölkələr də eynilə bu cür xarakterizə edilir.
Dövlətin tanınmağı yalnız BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleyanın qərarı ilə ola bilər. Qəbul üçün Təhlükəsizlik Şurasının 15 ölkəsindən minimum 9-u lehinə olmalıdır. Ondan sonra məsələ Baş Assambleyaya ötürülür ki, dövlətin üzv olması haqda qətnamənin qəbulu üçün hazırkı üzvlərin üçdə ikisinin lehinə olması gərəkir. Bununla belə nəzərdə tutmaq lazımdır ki, şuranın 5 daimi üzvü — Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Fransa və Amerika Birləşmiş Ştatları əleyhinə səs verərək qərara veto qoya bilər.
Buna görə də hal-hazırda BMT üzvü olmaq dövlətin dünyada geniş diplomatik tanınmaya malik olması kimi baxılır və onu de yure müstəqil, suveren qurum kimi təsdiq edir.