XYZ işi
From Wikipedia, the free encyclopedia
XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞ və Fransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb.
1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir.
Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır.