Ağciyər xərçəngi
Ağciyərdə xəstəlik / From Wikipedia, the free encyclopedia
Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur.[2]
Ağciyər xərçəngi | |
---|---|
| |
XBT-10 | C33.-C34. |
XBT-10-KM | C34.2, C34.1, C34.3 |
XBT-9 | 162 |
XBT-9-KM | 162.3[1], 162.5[1], 162.8[1], 162.4[1] |
OMIM | 211980, 608935, 612593, 614210, 612571 |
DiseasesDB | 7616 |
MedlinePlus | 007194 |
eMedicine | med/1333 |
MeSH | D002283 |
Vikianbarda əlaqəli mediafayllar |
Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə bağlı olaraq alt tiplərində və qadınlarda müşahidə edilmə nisbətlərində dəyişikliklər olmuşdur.[3] Ağciyər xərçənginin ən böyük səbəbi uzunmüddətli olaraq tütün tüstüsünün ağciyərə dolmasıdır,[4] amma bununla yanaşı ağciyər xərçəngli xəstələrin 15 faizlik bir hissəsi siqaret istifadə etməyənlərdən ibarətdir.[5] Ağciyər xərçəngi bir çox amildən asılı olaraq yaranan xəstəlikdir. Bu amillər arasında genetik amillər,[6][7] radon qazı,[8] asbest[9] və atmosferin çirklənməsi[10][11][12] kimi amillər vardır.
Ağciyər xərçənginin simptomları xəstəliyin harada başlandığından, necə yayıldığından və bədənin xəstəliyə reaksiyalarından asılı olaraq dəyişə bilir.[13] Ən çox müşahidə edilən simptomları nəfəs daralması, öskürək (qanlı öskürək - hemoptizis də daxil) və çəki itkisidir.[14] Bu simptomlar sadəcə ağciyər xərçənginə xas olmadığından xərçəng diaqnozu qoyulması gecikə bilər. Ağciyər xərçəngi döş qəfəsi rentgeni və kompüter tomoqrafiyası ilə görülə bilər. Dəqiq diaqnoz biopsiya ilə qoyulur. Biopsiya, adətən, bronxoskopiya və ya kompüter tomoqrafiyası köməkliyi ilə edilir. Müalicə və proqnozu müəyyən edən amillər xərçəngin histoloji tipi, xərçəngin mərhələsi və xəstənin ümumi vəziyyətidir. Ağciyər xərçənginin bir çox histoloji alt tipləri olmasına baxmayaraq klinikada, adətən, kiçik hüceyrəli və kiçik olmayan hüceyrəli ağciyər xərçəngi olmaq üzrə iki başlıqda araşdırılır, çünki müalicədə gediləcək yol bu qruplaşmadan asılıdır. Kiçik hüceyrəli ağciyər xərçəngi müalicəsində kimyaterapiya və radioterapiyaya üstünlük verilir. Kiçik olmayan hüceyrəli xərçənglərdə ilk seçim cərrahiyyədir.[15]
Ağciyər xərçənginin müşahidə nisbəti yaş artdıqca artır, çox vaxt 50-70 yaşlarında müşahidə olunur.[16] Ağciyər xərçəngi erkən dövrlərdə beş illik sağ qalma qabiliyyəti 60-70 faiz, sonrakı dövrlərdə bu nisbət 5 faizdən də aşağı olur.[14] Bütün alt tiplər və mərhələlər nəzərə alınanda müalicə ilə beş illik sağ qalma qabiliyyəti nisbəti Amerika Birləşmiş Ştatlarında 18,1 faizdir (2017),[17] ancaq sağ qalma qabiliyyəti nisbətləri inkişaf etməkdə olan ölkələrdə daha aşağıdır.[18]