Kompüter
From Wikipedia, the free encyclopedia
Kompüter[1] (əvvəlki yazılışı: kompüter;[2] ing. computer, [kəmˈpjuː.tə(ɹ)][lower-alpha 1] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən)[3] və ya bilgisayar[4] — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər.[5] Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir.
Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir. Kompüterlər milyardlarla digər kompüterləri və istifadəçiləri birləşdirən interneti gücləndirir.
İlkin kompüterlər yalnız hesablamalar üçün istifadə edilirdi. Abak kimi sadə əl alətləri qədim zamanlardan insanlara hesablamalar aparmağa kömək etmişdir. Sənaye inqilabının əvvəllərində uzun, yorucu işləri avtomatlaşdırmaq məqsədilə toxucu dəzgahlar üçün istiqamətləndirici nümunələr kimi bəzi mexaniki qurğular yaradılmışdı. Daha mürəkkəb elektrik maşınları XX əsrin əvvəllərində xüsusi analoq hesablamalar yerinə yetirirdi. İlk rəqəmsal elektron hesablama maşınları İkinci Dünya müharibəsi illərində yaradılmışdır. 1940-cı illərin sonlarında ilk yarımkeçirici tranzistorlar meydana çıxarılmış, 1950-ci illərin sonlarında isə silisiuma əsaslanan MOSFET və monolitik inteqral sxem çip texnologiyaları buraxılmışdır. Bu, 1970-ci illərdə mikroprosessor və mikrokompüter inqilabına gətirib çıxarmışdı. Kompüterlərin sürəti, gücü və hərtərəfliliyi o vaxtdan bəri Mur qanunu ilə proqnozlaşdırıldığı kimi dramatik şəkildə artmış, tranzistorların sayı sürətlə çoxalmışdır. Bu, XX əsrin sonlarından XXI əsrin əvvəllərinə təsadüf edən Rəqəmsal inqilaba səbəb olmuşdur.