Qədim makedoniyalılar
From Wikipedia, the free encyclopedia
Makedoniyalılar (yun. Μακεδόνες, Makedónes) — vaxtilə Yunanıstanın şimal-şərq hissəsində Alyakmon və aşağı Vardar çayları arasındakı allüvial düzənlikdə yaşamış qədim tayfa. Qədim yunanlardan olan bu tayfa[1] yunan ərazisinin şimal ucundakı Alyakmon dərəsi boyunca yerləşən ərazilərindən başlayaraq ərazilərini genişlətmiş, fraklar və illiryalılar başda olmaqla bir çox qeyri-yunan qəbilələrini özünə tabe etmiş və ya ərazisindən çıxartmışdır.[2][3] Makedoniyalılar yunan dilinin şimal-qərb dialektini (Qədim Makedoniya dili) danışsalar da, regionun linqva frankası əvvəl attik yunan, sonra isə koyni yunan idi. Onlar yunan mifologiyasının tanrılarına sitayiş etsələr də, eramızdan əvvəl 6-cı əsrdən başlayaraq Yunanıstanın digər hissələrində sona çatmış arxaik yunan dəfnetmə adətlərini saxlayırdılar. Makedoniya cəmiyyətinin nüvəsi monarxiya və zadəganlar idi. Makedoniyalı aristokratları qonşuları fessaliyalar kimi öz var-dövlətlərini at və mal-qara saxlamaqdan qazanmışdılar.
Bu məqalə Makedoniya çarlığının sakinləri haqqındadır. Digər mənalar üçün üçün Makedoniya (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Təqribən eramızdan əvvəl 8-ci əsrdə yaranmış Makedoniya çarlığı müxtəlif klanlardan ibarət olsa da Argeadlar sülaləsi və qəbiləsi bu dövlətdə vacib rol oynamışdır. Sülalənin əsasını qoyan I Perdikki Arqosdan Temenin nəslindən idi. Makedoniyanın adının isə yunan tanrısı Makedondan törədiyi ehtimal edilir. Müstəqil ailələr tərəfindən idarə edilən makedoniyalılar I İsgəndərin vaxtında (eramızdan əvvəl 498–454) artıq Argeadlar sülaləsinin hakimiyyətinin qəbul etmişdir. II Filipin dövründə (eramızdan əvvəl 359–336) makedoniyalılar bir neçə hərbi yeniliyə imza atdılar və bunların sayəsində öz ərazilərini genişləndirdilər və Frakiyaya qədər uzanan ərazilərdəki nəzarətlərini gücləndirdilər. Makedoniyanın güclənməsi Böyük İsgəndərin (eramızdan əvvəl 336–323) Əhəmənilər imperiyasını işğal etməsi, diadoxiya dövlətlərinin yaradılması və Qərbi Asiyada, Yunanıstanda və Aralıq dənizi sahilləri boyunca ellinizmin yayılmasına səbəb oldu. Axırda Roma Respublikası Makedoniyanı işğal edərək buranı Roma vilayəti elan etdilər.
Antik dövr müəllifləri, tarixçiləri və dövlət adamları makedoniyalıların etnik mənşəyini yunan, yarı-yunan və ya barbar olaraq qeyd etmişdir. Bu, müasir dövr akademikləri arasında qədim yunan mədəniyyətinin dini ayinlər və atletik oyunlar (Qədim Olimpiya oyunları) kimi bir çox aspektini qəbul etmiş makedoniyalıların dəqiq etnik mənşəyi ilə bağlı müzakirələrə səbəb olub. Qədim Makedoniya dilinin yunan dilinin bir dialekti olması, yoxsa yunan dillərinin bir bölməsi kimi klassfikasiya edilməsi ayrı bir müzakirə mövzusudur. Tapıntıların məhdudluğuna görə frigiya, frakiya və illirya dillərinin makedoniya dili üzərində təsiri qaranlıq qalır.
Qədim makedoniyalılar antik dövr və ellinizm dövrü Yunanıstan mədəniyyətində vacib rol oynayıblar, təsviri incəsənət sahəsində freskolar, mozaikalar, heykəllər və dekorativ metal işi ilə məşhurdurlar. Makedoniyalılar antik yunan musiqi və teatrını çox sevirdilər və Evripid kimi məşhur dramaturqlar Makedoniyaya yaşamağa gəlirdi. Aristotel kimi məşhur filosoflar Makedoniya çarlığında fəaliyyət göstəriblər və makedoniyalılar antik yunan ədəbiyyatına, xüsusilə yunan tarixşünaşlığına böyük töhfə veriblər. Onlar idman etmək və asudə vaxtlarını keçirmək üçün ovçuluq, qaçış və döyüş arabaları yarışması keçirir və simpozium adlanan aristokrat banketlərində içki içib əylənirdilər.