Azərbaycan folkloru
From Wikipedia, the free encyclopedia
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir.
Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub.
Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.
Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Bu hislərin ilk nümunələri isə əmək nəğmələridir. Folklorun digər formaları – nağıllar, dastanlar, hikmətli sözləri və s. nümunələrdir. Şifahi xalq ədəbiyyatı kollektiv yaradıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə münasibətini, tərbiyəvi görüşlərini özündə əks etdirir.
Şifahi xalq ədəbiyyatının qələmə alınması – təkcə Azərbaycan ədəbiyyatı üçün yox, bir çox başqa elmlərin tarix, coğrafiya, etnoqrafiya və s. inkişafı üçün də böyük rol oynayıb. Məlumdur ki, Azərbaycan xalqının dili türk dillərindən biridir və təbidir ki, qədim türk xalqlarının yaratdığı dastanların süjetləri, motivləri Azərbaycan şifahi xalq ədəbiyyatında da geniş şəkildə öz əksini tapıb[1]