Rusiya Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Rusiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 22 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduqdan sonra göstərdiyi zəif nəticələr səbəbindən Rusiya Avropa Yayım İttifaqının qərarı ilə 1996, 1998 və 1999-cu illərdə müsabiqədə iştirak etməmişdir. Ölkə 2008-ci ildə Dima Bilanın ifa etdiyi "Believe" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Rusiya müsabiqədə ümumilikdə 9 dəfə ilk beşlikdə yer almışdır. 2000-ci ildə Alsu, 2006-cı ildə Dima Bilan, 2012-ci ildə Buranovskiye Babuşki qrupu və 2015-ci ildə Polina Qaqarina ilə ikinci, 2003-cü ildə T.A.T.u. qrupu, 2007-ci ildə Serebro qrupu, 2016-cı ildə Sergey Lazarev və 2019-cu ildə yenidən Sergey Lazarev ilə üçüncü və 2013-cü ildə isə Dinə Qaripova ilə beşinci yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Rusiya həmişə müsabiqənin finalına yüksələ bilsə də, ilk dəfə 2018-ci ildə Yuliya Samoylovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur.