İstanbul Universiteti
İstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü dövlət tədqiqat universiteti / From Wikipedia, the free encyclopedia
İstanbul Universiteti (türk. İstanbul Üniversitesi) — İstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü dövlət tədqiqat universiteti.[3]
İstanbul Universiteti İÜ | |
---|---|
türk. İstanbul Üniversitesi | |
41°00′47″ şm. e. 28°57′50″ ş. u. | |
Əvvəlki adları |
Medâris-i Semâniye ve Fâtih Dârüşşifâsı (1453) Darülfünûn (1846) Darülfünûn-i Osmani (1869) Darülfünûn-ı Sultani (1873) Darülfünûn-ı Şahane (1900) İstanbul Darülfünûnu (1924) |
Şüar |
türk. Tarihten Geleceğe Bilim Köprüsü azərb. Tarixdən gələcəyə elm körpüsü |
Əsası qoyulub | 30 may 1453 |
Yenidən təşkil olunub | 1846, 1933 |
Tip |
Dövlət universiteti Tədqiqat universiteti |
Rektor | Prof. Dr. Mahmud Ak |
Tələbə sayı | 68.300 |
Xarici tələbə sayı | 6.533 |
Bakalavr sayı | 54.023 [1] |
Magistrant sayı | 7.942[1] |
Aspirant sayı | 5.351[1] |
Doktor sayı | 566[1] |
Professor sayı | 911[1] |
Müəllim sayı | 5.300[1] |
Şəhər | İstanbul |
Ölkə | |
Ünvan | Bəyazid, 34452 Fateh |
Rənglər | |
Metro | Ulubatlı |
Sayt | istanbul.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulmuş, 1846-cı ildə isə Osmanlı imperiyasında Avropa təcrübəsinə əsaslanan ilk ali təhsil qurumu olaraq yenidən formalaşdırılmışdır.[4] 1933-cu ildən bugünkü adı ilə fəaliyyət göstərən qurum müasir Türkiyənin ilk ali təhsil müəssisəsidir.[5] Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə[6] və irili-xırdalı 10 kampusda[7] bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır.[1]
İstanbul Universiteti Koimbra qrupunun üzvüdür.[8] Eyni zamanda, universitetin Biznes və idarəetmə fakültəsi Eduniversal nəşrinin 2020-ci il üçün olan ali idarəetmə məktəbləri hesabatına görə Yaxın Şərq üzrə üçüncü, Türkiyə üzrə isə ikinci ən nüfuzlu fakültə olmuşdur.[9] Sözügedən elmi vahid "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universiteti fakültəsidir.[10][11] Nəqliyyat və loqistika fakültəsi isə, BMT nəzdnində fəaliyyət göstərən Beynəlxalq Yol və Nəqliyyat İttifaqı (IRU) tərəfindən akkreditasiya olunmuşdur.[12] Bundan əlavə, Təbiət elmləri fakültəsi dünyanın ən iri yüksək enerji fizikası laboratoriyasına malik olan Avropa Nüvə Araşdırmaları Təşkilatında aparılan 4 əsas tədqiqat üzrə Türkiyəni təmsil edir.[13]
2003-cü ildən etibarən ardıcıl olaraq dünyanın ən nüfuzlu 500 universiteti siyahısına daxil olmuş Türkiyənin ilk dövlət universiteti olmaqla yanaşı,[14] 2020-ci ilin sıralamasına görə qlobal miqyasda 335-ci yerdə qərarlaşmışdır.[15] Dünya universitetlərinin akademik reytinqi tərəfindən 2019-cu ildə təqdim olunan sıralamada isə Türkiyə üzrə birinci yerə çıxmışdır.[16] Həmçinin 2013-cü ildən etibarən Asiyanın ən mütərəqqi 100 universiteti sırasındadır.[17] Əlavə olaraq, 2020-ci ildə Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında patent müraciəti sayına görə İstanbul Universiteti birinci sırada yerləşir.[18][19]
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən İstanbul Universitetinin məzunları arasında iki Nobel mükafatı laureatı (Əziz Sancar və Orxan Pamuk),[20][21] İsrailin ən uzun müddət hakimiyyətdə olmuş prezidenti Yitzhak Ben-Zvi, İsrailin iki baş naziri (David Ben-Qurion və Moşe Şaret), Türkiyə prezidenti Abdullah Gül, Türkiyənin altı baş naziri (Suat Xeyri Ürgüplü, Sədi İrmaq, Nihat Ərim, Refik Saydam, Naim Talu, İldırım Ağbulud) və İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu vardır.[22][23]