İnformatika
elm sahəsi / From Wikipedia, the free encyclopedia
İnformatika (fr. informatique; ing. computer science) – verilənlərin saxlanması, emalı və ötürülməsi məsələləri ilə məşğul olan elm sahəsi. Bəşəriyyət bu məsələlərlə həmişə məşğul olmuşdur, ancaq informatika müstəqil fənn kimi yalnız XX əsrin 70-ci illərinin sonunda ayrılmışdır. Bunun da başlıca təkanı fərdi kompüterlər olmuşdur. İnformatika başlanğıcını kibernetika və riyaziyyatdan götürür. Burada riyazi məntiqin xüsusi rolu olmuşdur. Kibernetika isə kompüterlərin yaradılması üçün nəzəri zəmin yaratmışdır. İnformatikanın texniki əsasını mikroelektronika və yeni materiallar (yarımkeçiricilər, plastmaslar) təşkil edir. İnformatikanın özünün də müstəqil bölmələri vardır: proqramlaşdırma, informasiya sistemləri, idarəetmə sistemləri, verilənlər bazaları, süni intellekt. İngilisdilli ölkələrdə "informatika" əvəzinə "computer science" (kompüter elmi) ifadəsindən istifadə olunur.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyat sistemləri, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.[1]
"İnformatika" terminini ilk dəfə 1957-ci ildə alman alimi Karl Şteynbux elmə daxil etmişdir: onun məqaləsi alm. Informatik: Automatische Informationsverarbeitung (İnformatika: Avtomatik informasiya emalı) adlanırdı.
İnformatikanın əsasını təşkil edən bu elm sahələrini çox vaxt hardware (aparat), software (proqram), brainware (beyin) təminatları şəklində qruplaşdırırlar. İnformatikanın inkişaf istiqamətləri aşağıdakılardır;
- İnformasiya nəzəriyyəsi;
- Yeni aparat vasitələrinin (hardware) işlənməsi;
- Proqram təminatının (software) işlənməsi;
- Proqramlaşdırma dilləri;
- Kompüter şəbəkəsi;
- Süni intellekt sistemləri və s.