Altıgünlük müharibə (ivr. מלחמת ששת הימים, Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة, Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967, Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi[20] və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə.[21][22][23][24][25][26][27] Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi. Bölgəyə BMT-nin Sülh Qüvvələri yerləşdirilsə də, silahsızlaşdırma barədə razılığa gəlmək mümkün olmadı.[28][29][30][31][32]
Müharibənin başlanmasına bir neçə ay qalmış münasibətlər xeyli gərginləşmişdi. Misirin Tiran boğazını bağlamaqla bağlı təhdidlərinə İsrail tərəfi 1956-cı ildəki mövqeyinin dəyişmədiyini bildirməklə cavab verdi, yəni Tiran boğazının bağlanılmasını İsrail özünə qarşı müharibə elanı kimi qəbul edəcəkdir (a casus belli). May ayında Misir prezidenti Camal Əbdül Nasir Tiran boğazının bağlanıldığını və qoşunlarını İsraillə sərhədə cəmləşdiriləcəyini elan etdi. Bundan bir qədər sonra İsrail Hərbi Hava Qüvvələri Misir Hərbi Hava Qüvvələrinin və hava limanlarının əksəriyyətinin darmadağın edilməsi ilə nəticələnən hava hücumunu reallaşdırdı. İsrail tərəfi bu hücumun Misirin hücumunu qarşısını almaq üçün olduğunu bildirmişdi. Bu hadisə müharibə ilə bağlı ən çox müzakirə edilən hadisələrdən biridir.[33][34]
Misir Silahlı Qüvvələri hazırlıqsızlıq yaxalanmışdı. İsrailin ilk hücumu nəticəsində Misir Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün bölmələri və texnikası döyüş qabiliyyətindən məhrum edildi. Bunun ardınca yenə misirlilərin gözləmədiyi halda İsrail qüvvələri Qəzzəyə və Sinaya qurudan hücuma keçdilər. Hazırlıqsız Misir qüvvələri geri çəkilməyə başladı və qısa müddət sonra Camal Əbdül Nasir Sinayın boşaldılması barədə əmr verdi. İsrail bu döyüşlərdə az sayda itki versə də, Misir xeyli canlı qüvvə və zirehli texnika itirdi.[35][36]
Müharibənin başlanmasından bir həftə əvvəl Misir ilə İordaniya müdafiə pakti imzalamışdı. Bu razılaşmaya görə İordaniya müharibədə heç bir aktiv rola sahib olmayacaqdı və onun əsas vəzifəsi İsrailin bu regionda yeni torpaq qazanmasına mane olmaq idi. İordaniya Hərbi Qüvvələri Misir Baş Qərərgahına tabe edilmişdi. Misirə ilk hücum reallaşdıqdan sonra İordaniya ordusunun misirli komandanı Qahirədən dərhal İsrail üzərinə hücuma keçmək barədə əmr almışdı. İordaniyalılar Misirin hərbi qüvvələrin darmadağın edib geri dönən İsrail qırıcılarını İsrailin hücumunu dəf edib, əks hücuma keçən Misir qırıcıları olduqlarını düşünmüşdülər.[37][38]
İsrailin əks-hücumu nəticəsində Şərqi Yerusəlim də daxil olmaqla, İordan çayının qərb sahili o cümlədən, Qolan təpələri işğal edildi. 8 iyunda Misir və İordaniya atəşkəsə razılıq verdilər. 9 iyunda Suriya da atəşkəsə razılaşdı. 11 iyunda isə İsrail atəşkəsi imzaladı. Bu müharibə nəticəsində İsrail Misir, İordaniya və Suriyanın hərbi sektoruna çox böyük zərbə vurdu. Ərəb dövlətləri ümumilikdə 20.000 canlı qüvvə itirdi, halbuki İsrailin itkisi cəmi 1000 nəfər olmuşdu. İsrailin bu qədər asan qələbə qazanmasının səbəbi güclü hərbi xadimlərə malik olması, möhtəşəm müharibə planı hazırlaması ilə yanaşı, Ərəb dövlətlərinin hərbi xadimlərinin döyüş bacarığının zəif olması və müharibəyə yaxşı hazırlaşmaması ilə əlaqədar idi. Müharibə nəticəsində İsrail Misirdən Sinay yarımadasını, Qəzzə keçidini, İordaniyadan Şərqi Yerusəlim də daxil olmaqla İordan çayının qərb sahilini, Suriyadan isə Qolan təpələrini ələ keçirdi.[39][40]
Müharibədə əldə edilən uğursuzluqdan sonra Camal Əbdül Nasir bütün məsuliyyəti öz üzərinə götürərək istefa verdi, lakin bütün ölkə boyunca Nasir lehinə mitinqlər başladı və o, yenidən vəzifəsinə geri qayıtdı.[41]
Altıgün müharibəsində İsrailin asanlıqla qələbəsi İsrail Silahlı Qüvvələrində həddindən artıq özünəinamın yaranmasına səbəb oldu. Bunun nəticəsində də, Yom Kippur müharibəsinin ilk günlərində İsrail anidən məğlub oldu, lakin bir müddət keçdikdən sonra İsrail qüvvələri yenidən üstünlüyü ələ ala bildilər.[42][43]
Müharibənin yaratdığı ən böyük problemlərdən biri də qaçqınlar məsələsi olmuşdur. Müharibə nəticəsində 300.000 fələstinli İordan çayının qərb sahilindən, təxminən 100.000 suriyalı isə Qolan təpələrindən köçməyə məcbur oldu.[44][45][46] Ərəb dövlətlərində yaşayan yəhudilər ya ölkədən qovuldular, ya da ölkəni tərk etməyə məcbur edildilər. Köçənlər daha çox İsrailə və Avropaya köçmüşdür.[47][48]
Ərəb dövlətlərindən Misir, Suriya, İordaniya müharibədə birbaşa iştirak etsə də, onlara İraq və Livan hərbi yardım göstərmiş, demək olar ki, yerdə qalan digər bütün Ərəb dövlətləri iqtisadi və siyasi dəstək vermişdilər.[49]
Cəld faktlar Tarix, Yeri ...
Bağla