Aşkenazi yəhudiləri
From Wikipedia, the free encyclopedia
Aşkenazi yəhudiləri (ivr. אשכנזים, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir. Bu dil X–XIV əsrlərdə Mərkəzi və Şərqi Avropada alman dilinin orta əsrlərdə yayılmış ləhcələri, eləcə də ibrani, arami, roman, slavyan dilləri əsasında yaranmışdır. Qeyd edək ki, aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası dövrünə təsadüf edir. Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu səbəbilə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi. Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox aşkenazi Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapmışlar.
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Yəhudi bayramları
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Musevi Ayin sistemi
Yəhudi dilləri
Etnik bölünmələr
Musəvi məzhəbləri
Musevi duaları
Digər dinlərlə əlaqələr
|