Azərbaycan mədəniyyəti
Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti / From Wikipedia, the free encyclopedia
Azərbaycan mədəniyyəti (az-əbcəd. آذربایجان مدنیتی[qeyd 1]) — azərbaycanlıların, Azərbaycan etnik qruplarının və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. XI-ХIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir.[1][2] Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır.[3] XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan[4] Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi.[5]
Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstanda linqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib.[6] İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır.[3] Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş,[7] XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır.[8] Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış,[9] Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir.[10]
XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir.[11][12] Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.[13] Azərbaycan əlifba islahatı isə Türk yazı inqilabına başçılıq etmiş, bütün Türk dünyasına birbaşa təsir etmişdir.[14] Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir.[15]
Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır. İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır,[16] Gəlucah isə Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi sayılır.[17] XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşmışdır: Cənubi Azərbaycan və Aşağı Qarabağ.[1] Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri 2021-ci ildən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.[18]
Azərbaycanlılar Qafqaz,[19] türk[20] və İran elementləri daşıyan irsə malikdirlər.[21][22] Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş,[1] bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.[23] Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir.[24] Cənubi Qafqazın üç imperiya tərəfindən əhatə edilməsi nəticəsində fars, türk, rus, sovet, şiə və sünni elementləri azərbaycanlılar tərəfindən öz ailə tarixlərində, ayinlərində, dillərində və yazılarında uyğunsuzluq və ya ziddiyyət hissi olmadan yan-yana qorunmuşdur.[25] XIX əsrin sonu-XX əsrin əvvəlləri milli oyanış dövründə Qərb dəyərləri və təşkilatları Azərbaycanda tətbiq edilmiş,[12] 2001-ci ildən Azərbaycan Avropa Şurasının üzvü olmuşdur.[26]
Azərbaycanda UNESCO tərəfindən qeydə alınmış 5 Ümumdünya irsi, 19 qeyri-maddi mədəni irs, 2 əlyazma toplusu, 3 yaradıcı şəhər var. Dağlıq Qarabağ münaqişəsinə görə torpaqlarını tərk etmiş Qarabağ və Şərqi Zəngəzur azərbaycanlılarının repatriasiyası üçün "Böyük Qayıdış" layihəsi davam etdirilir, ərazidə ziyan görmüş Azərbaycan mədəniyyət abidələri bərpa edilir.[27]