Kəlbəcər əməliyyatı
From Wikipedia, the free encyclopedia
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Kəlbəcər əməliyyatı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
Tarix | 15 dekabr 1993 (1993-12-15) – 20 fevral 1994 (1994-02-20) (2 ay, 5 gün) | ||
Yeri | Kəlbəcər rayonu, Azərbaycan | ||
Nəticəsi | Ermənistanın qələbəsi | ||
Ərazi dəyişikliyi | Əməliyyatın pik nöqtəsində Kəlbəcər rayonu ərazisinin təq. 30% işğaldan azad edilsə də, hər iki tərəf əvvəlki mövqelərə geri qayıtmışdır | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir.
Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir. Bu hadisələr Azərbaycan daxilində siyasi böhrana səbəb olmuşdur. Azərbaycanlı hərbi komandir Surət Hüseynov 1993-cü ilin yayında üsyan edərək Gəncədən Bakıya doğru irəliləmiş, o vaxtkı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyi devirmişdir. Keçmiş sovet siyasətçisi olan Heydər Əliyev hakimiyyəti öz üzərinə götürmüş və Hüseynovu baş nazir təyin etmişdir. Ermənilər bu dövrdə asanlıqla bir neçə şəhəri işğal edə bilmiş, Əliyev isə işğal edilmiş əraziləri azad etməyi vəd etmişdir.
701 saylı Motoatıcı Briqadanın üç mindən çox əsgərindən ibarət olan Azərbaycan qüvvələri 15 dekabrda yüksək hündürlüklərdə və sərt qış şəraitində hücuma başlamışdır. Bir neçə uğursuz hücum cəhdindən sonra Azərbaycan qüvvələri 1994-cü il yanvarın ortalarında Murov silsiləsini keçmiş, Kəlbəcər rayonu ərazisinə daxil olmuşdur. Onlar Basarkeçər–Ağdərə yolunu kəsmiş, Kəlbəcər–Ağdərə–Laçın yoluna doğru irəliləmişdir. Şimaldan hücuma hazırlıqsız olan erməni qüvvələri bölgənin dərinliklərinə çəkilməyə məcbur qalmışdır. Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər şəhərinə yaxınlaşmışdır. Lakin yenidən toplaşmağı bacaran erməni qüvvələri həmin ay böyük canlı qüvvə ilə əks hücuma başlamışdır. Onlar Ömər aşırımından keçən yolu kəsmiş, Azərbaycan qüvvələrini mühasirəyə almışdılar. Azərbaycanlı qüvvələr buna görə də çaxnaşmaya düşmüş, kəskin şaxta havada çətin dağlıq ərazilərdən keçərək 20 fevral tarixinə qədər geri çəkilməyə məcbur qalmışdır. Ermənistan silahlıları tərəfindən mühasirəyə alınan və güclü bombardman altında qalan iki batalyon istisna olmaqla, bütün Azərbaycan qüvvələri əvvəlki mövqelərinə qayıda bilmişdir.
Əməliyyat həm Azərbaycan, həm də Ermənistan tərəfinin ağır itki verdiyi, o cümlədən müharibənin ən ölümcül döyüşüdür. İngilis jurnalist Tomas de Vaalın verdiyi məlumata görə, ümumilikdə hücum zamanı altı mindən çox hərbçi ölmüşdür. Qış şəraitinə pis hazırlaşan bir çox Azərbaycan əsgərləri ya donaraq ölmüş, ya da qar uçqunu altında qalmışdır. İtkilərin böyükhəcmli olması Bişkek protokolunun imzalanmasına yol açmış və beləliklə müharibəyə son qoymuşdur. Azərbaycan o dövrdə itkilərini gizli saxlamışdır. Həmçinin, qış aylarında Kəlbəcərə hücum əməliyyatı gerçəkləşdirmək əmrinin kim tərəfindən verilməsi hələ də naməlumdur.